Kamaləddin Qafarov: "Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrini əhatə edir”
Azərbaycan ölkənin ictimai-siyasi həyatı üçün əlamətdar olacaq daha bir tədbir ərəfəsindədir. Belə ki, məlum olduğu kimi sentyabrın 26-da ölkədə konstitusiya dəyişiklikləri məqsədilə ümumxalq səsverməsi keçiriləcək. Ana qanuna ediləcək dəyişikliklər bütün parametrləri üzrə Azərbaycan vətəndaşlarının rifahı, idarəetmə prosesinin təkmilləşdirilməsi, ölkənin daha da inkişaf etdirilməsinə xidmət edir. Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədir.
Millət vəkili Kamaləddin Qafarov da deyir ki, ölkəmiz növbəti vacib siyasi proses ərəfəsindədir: "Dünya düzənində cərəryan edən proseslər, yeni inkişaf tendensiyaları və onların meydana çıxardığı tələblər, ən əsası isə 2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirib. Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrini əhatə edir. Konkretləşdirməyə gəlincə bu sahələr içərisində təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi xüsusi aktuallıq kəsb edir: "Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir". Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, sözügedən dəyişikliyin qəbulu qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdıracaq. Məlum olduğu kimi, regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və getdikcə daha da artması sözügedən məsələlərin ölkəmizdə konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirib. Bunun bir qədər də geniş izahına gəlincə, əgər bu günə qədər Ali Baş Komanbdan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olunacaq. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Konstitusiya təklif olunan dəyişikliklərlə əlaqədar isə Silahlı Qüvvələr məvhumu daha da genişlənir. Onların hamısı Ali Baş Komandanın əmri əsasında fəaliyyət göstərəcək ki, bu da bizim həm təhlükəsizlik sistemimizin möhkəmlənməsinə, həm də ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində, işğal edilmiş ərazilərimizin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcək".
Millət vəkili deyib ki, referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulub və burada söhbət vitse-prezidentlik institutunun yaradılmasından, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsindən gedir: "Bir sıra inkişaf etmiş xarici ölkələrdə bu kimi nümunələrə rast gəlinir. Belə ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108 və 110-cu maddələr) ilk növbədə dövlət strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarətmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət postuna təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir. Əminəm ki, vitse-prezidentlik institutunun təsisi, prezidentlik institutunun gücləndirilməsi daha yüksək effektiv fəaliyyətə gətirib çıxaracaq ki, bu da həm milli təhlükəsizliyimizin əsasını yaradacaq, həm də inkişafımızı daha da sürətləndirəcək. Bir sözlə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək. Əminəm ki, xalq bu islahatlara səs verəcək. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başlayacaq".