Azərbaycanın son uğurları İlham Əliyevin fəaliyyəti ilə bağlıdır

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə İlham Əliyevin namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında qəbul edilib.

Son 20 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, bu inkişafın daim yüksələn dinamika ilə davam etdiyini görərik. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş, ölkəmizdə sabitlik və davamlı inkişaf təmin edilmişdir. Artıq uzun müddətdir ki, regionun alternativsiz lider dövləti kimi çıxış edən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan aktorlardan birinə çevrilib. Avropa İttifaqının bir çox ölkələri ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan bu gün dünyada və Avropada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul olunur.

Əlbəttə ki, bütün bu nailiyyətlərin fonunda Azərbaycanın son üç ildə əldə etdiyi tarixi Qələbələr müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və parlaq Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 30 il davam edən işğalına son qoydu. Bu qələbə nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yarandı və Azərbaycan bu reallıqların müəllifi kimi özünü dünyaya yeni simada təqdim etdi. Növbəti üç il ərzində Azərbaycan artıq heç bir kənar qüvvənin, heç bir xarici dövlətin təsiri altına düşməyəcək bir ölkə olduğunu bütün dünyaya qəbul etdirdi. Bu müddətdə ölkəmiz özünün ərazi bütövlüyünü təmin etdi.

Bütün bu tarixi nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl strategiya nəticəsində mümkün oldu. O, hələ 2003-cü ildə, ilk dəfə Ölkə Prezidenti seçildiyi vaxt öz xalqına verdiyi bütün vədlərinə tam əməl etdi. Bu gün Azərbaycan dünya dövlətləri birliyində yüksək nüfuza, böyük hörmətə və aparıcı mövqeyə sahib olan bir ölkədir. Bütün bunlar cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında müstəsna xidmətlərinin nəticəsidir.