Binəqədi Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib (FOTO)

Trendin məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak edibər.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.

X.İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2017-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Natiq çıxışında bildirdi ki, artıq 27-ci ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.

Natiq bildirdi ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəkləndi, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirildi.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı 2017-ci ildə təkcə rayon mərkəzində deyil, digər yerlərdə – Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrində də genişmiqyaslı abadlıq işlərinin görülməsini, xeyli sayda park və xiyaban salınmasını diqqətə çatdırıb. Bildirib ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Binəqədi rayonunda görülən işlər uğurlu nəticəsini verməkdədir.

Getdikcə paytaxtın ən inkişaf etmiş yaşayış zonalarından birinə çevrilən rayonda sakinlərlə icra hakimiyyətinin sıx təmasda olması, mütəmadi qaydada təşkil edilən səyyar görüşlər mövcud problemlərin uğurlu həllinə rəvac verir.

Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir. Rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub.

2017 –ci il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli yaşayış binalarının giriş və dam örtüklərində əsaslı təmir işləri həyata keçirilmişdir. Ümumilikdə, müxtəlif ünvanlarda 98 bina girişi təmir edilmiş, 17 binanın 17090 m2 yumşaq dam örtüyü və 25398 m2 fasad hissəsi əsaslı təmir edilmişdir.Rayonun müxtəlif qəsəbələri və mikrorayonlarında ümumilikdə 221500 m2 asfalt örtüyü salınmışdır.

Ötən dövr ərzində 75 lift cari, 6 liftin böyük mühərriki əsaslı təmir edilmiş və 513 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənmişdir.

Bundan əlavə “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Azərbaycan Respubliası Prezidentinin 11 noyabr 2016 –cı il tarixli sərəncamının tələblərinə uyğun olaraq Binəqədi şossesində yağış sularının kənarlaşdırılması məqsədilə I Mədən, korpus 43 ünvanında açıq kanal ləğv edilərək müxtəlif diametrli 2750 paqonometr kanalizasiya xətti, həmin ərazidə yaşayan əhalinin su təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli 2800 paqonometr yeni su xətti çəkilərək istifadəyə verilmişdir. Qeyd olunan işlər başa çatdırıldıqdan sonra “Azəravtoyol” ASC tərəfindən şosenin asfaltlandırılması işləri aparılmışdır. Asfalt işləri yekunlaşdırıldıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumilikdə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Binəqədi rayon ərazisinə düşən hissəsində -Binəqədi-Balaxanı yolunda və həmçinin Binəqədi şosesində 5.4 km məsafədə asfalt örtüyü çəkilmiş və yolun kənarında abadlıq işləri aparılmış, əraziyə 10270 m2 çəmən örtüyü salınmış, 600 ədəd müxtəlif növ ağac və kollar, 11237 ədəd gül-çiçək kolları əkilmişdir.

Abadlıq işləri çərçivəsində rayon ərazisində bir sıra mühüm əhəmiyyətli yolların da çəkilməsi işlərinə başlanılmışdır. 8-ci mikrorayon C.Xəndan küçəsində nəqliyyat tıxaclarının aradan qaldırılması və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə yolun yenidənqurulması işləri çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçirilmiş və asfaltlanma işləri başa çatdırılmışdır.

Bundan əlavə “Azəravtoyol” ASC tərəfindən sahil boyu 12.7 km uzunluğunda Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək yeni avtomobil yolunun inşası başa çatdırılmışdır. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir.

Rayon ərazisində ümumilikdə 2017-ci il ərzində 70600 ədəd müvtəlif növ bəzək gül-çişək kolları, 28210 m2 yaşıl çəmən örtüyü salınmış, 7416 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

2017 –ci ildə rayon icra hakimiyyətinə 3538 vətəndaş yazılı müraciət etmişdir ki, bu da 2016-cı illə müqayisədə 92 vahid və ya 2,5% azdır.

Ötən il ərzində əldə edilən sosial-iqtisadi uğurlardan danışan X.İsgəndərov daha sonra xatırladıb ki, hesabat dövründə 305 milyon 56 min sənaye məhsulu istehsal edilmişdir. Orta aylıq əmək haqqı 502,8 manat olub.

Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 390-dan çox tədbir keçirilmişdir. Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və ümumilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 24, Gənclər və İdman sahəsində 177, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 192 tədbir keçirilmişdir.

X.İsgəndərov sonda diqqətə çatdırıb ki, tərəqqi və inkişafa təkan verən dövlət proqramlarının çevik, mütərəqqi idarəçilik üslubunda ardıcıl və sistemli şəkildə reallaşdırılması nəticəsində Binəqədi rayonunda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret, məqsədyönlü xarakter alıb. Dövlət başçısının davamlı diqqət və qayğısı nəticəsində daxili resurslar tam səfərbər edilib, çevik, müasir tələblərə cavab verən innovativ idarəetmə sistemi formalaşdırılıb, illərdən bəri yığılıb qalan problemlərin aradan qaldırılmasına xidmət edən mühüm layihələr həyata keçirilib. Xüsusilə qeyd etmək lazımdır ki, ­Prezident İlham Əliyevin bu layihələrin reallaşdırılmasına yaxından dəstək göstərməsi qısa müddətdə görülən işlərin səmərəli nəticələr verməsinə, hər bir rayon sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaradıb.

2018–ci ildə də dövlət başçısı İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və naliyyətlərimiz daha çox olacaqdır. Çünki ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Daha sonra hesabat yığıncağında Binəqədi rayonu 1646 - Sakinlərin Müraciət Xidmətinin Rəisi Anar Səfərov, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular.

Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.