2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Səkinə Babayeva, Həcər Mirzəyeva, qazi Zakif Abbasov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi doğma Vətənimizi daim inkişaf etdirib, dünyada sayılıb-seçilən, söz sahibi olan yüksək nüfuza malik dövlətlərdən birinə çevirib. Bu gün Azərbaycan özünün inkişaf tempinə görə dünyada liderliyini qoruyub saxlayır. Xalqımızın rifah halı, həyat şəraiti daha da yüksəlir. Bütün sahələrdə əldə etdiyimiz nailiyyətlər İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.
Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.