Binəqədidə "14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı" adlı tədbir keçirilib FOTOLAR

Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümünə həsr olunmuş "14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı" adlı tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli məclisinin deputatları Kamaləddin Qafarov, Səbinə Xasayeva, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına əklil qoyulub və gül dəstələri düzülüb.Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və "14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı" adlı videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq, respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderimiz Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Sonra "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə geniş məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq, əlavə edib ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Daha sonra çıxış edən Milli Məclisin üzvləri Kamaləddin Qafarov, Səbinə Xasayeva və YAP Binəqədi rayon təşkilat sədri Ramiz Göyüşov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından danışaraq, Onun gördüyü böyük işlərə nəzər salıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.

Tədbir bədii hissə ilə yekunlaşıb.