Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Realpress.az-ın SİA-nə istinadən verdiyi məlumatına görə, tədbir iştirakçıları ilk olaraq, rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, qarşısına tər gül dəstələri qoydular.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanın qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyətindən danışdı: "Heydər Əliyev hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan özünün inkişaf mərhələsini yaşamış və ən yeni tarixini yaratmışdır. Ümummilli liderin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur".

Ulu öndər Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə ölkəyə rəhbərlik etdiyi illərdə gördüyü işlərə nəzər salan Ramiz Göyüşov qeyd etdi ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın Mərkəzi Komitəsinə Birinci Katib təyin edildiyi zamandan respublika durğunluq dövründən çıxaraq böyük sahələrdə inkişaf yolunu müəyyənləşdirdi.

Rayon təşkilatının sədri Ümummilli lider Heydər Əliyevin müstəqillik yolundakı mübarizələrlə dolu fəaliyyətinə diqqət çəkərək Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafının ulu öndərin adı ilə bağlı olduğunu bildirdi.

Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü, YAP Binəqədi rayon Təşkilatının sədr müavini Eldar İbrahimov dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qaldığını söylədi. O, Ulu öndərin müstəqillik yolundakı fəaliyyətini vurğulayıb, dahi şəxsiyyətin qurub-yaratdığı Azərbaycanın bu gün böyük uğurlar əldə etdiyini, bütün sahələrdə inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırdı.

YAP-ın Siyasi Şurasının üzvü İradə Hüseynova, Milli Məclisin deputatı Kamaləddin Qafarov isə milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və  idarəçilik fəaliyyətinin tariximizdə müstəsna yer tutduğunu bildirdilər və əldə edilən nailiyyətlərin Heydər Əliyevin zəngin təcrübəsi, siyasi liderliyinin məntiqi nəticəsi olduğunu vurğuladılar, Ulu öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığı dövlətin bu gün dünya arenasında söz demək qüdrətində olduğunu diqqətə çatdırdılar.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov müasir dövrümüzdə Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, Heydər Əliyev ideyalarının yaşayan və yaşadan ideyalar olduğunu qeyd etdi, bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olaraq, bu gün Azərbaycanın dünyanın ən dinamik inkişaf edən dövlətlərdən birinə çevrildiyini bildirdi.

Tədbirə bədii hissə ilə yekun vurulub.