Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsini rəsmən təsdiqləyən mühüm sənəddir”


“ 2020-ci il sentyabrın 27-də Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan təslim oldu. Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra- noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycanın maraqlarına tam şəkildə cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu: “10 noyabr tarixli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə sarsıdıcı zərbə vuruldu. Bir sözlə, Ermənistan ordusu darmadağın edildi. Üçtərəfli Bəyanatın imzalanması ilə bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təntənəsinin şahidi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri düşmənlə qəhrəmancasına vuruşaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları- digər rayonlarımız kimi -Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.”