Kamaləddin Qafarov: Bizə qarşı qərəzli mövqe olmamalıdır

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir. Hətta deyərdim ki, bu, qanunauyğunsuzluqdur”. Bunu Realpress.az SİA-yaya istinadən açıqlamasında millət vəkili Kamaləddin Qafarov deyib.

Deputatın sözlərinə görə, AŞPA hər zaman türk millətini, xalqını belə təzyiqlərə məruz qoyub: “Bu il aprelin 16-da Türkiyədə keçirilən ümumxalq səsverməsində – referendumda da türk xalqı öz sözünü dedi. Təbii ki, bütün bunları gözügötürməyən müəyyən qüvvələr var və onlar bu istiqamətdə iş aparırlar. Hər kəs də bilir ki, onların fikirləri yanlışdır. Biz bu cür addımları çox mənfi qiymətləndiririk”.

Kamaləddin Qafarov əlavə edib ki, onların məqsədləri hamıya bəllidir: “Bu gün Avropada olan bəzi dairələr, parlamentarilər türk dünyasının güclənməsini, İslam dünyasının qüvvətlənməsini istəmirlər. Bu yaxınlarda Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə həmin insanlara bir ismarıc vermək istəyirik ki, sözün həqiqi mənasında islam dünyası birdir və bizə qarşı qərəzli mövqe olmamalıdır”.