Kamaləddin Qafarov: Unudulmaz dövlət və elm xadimi haqqında

Görkəmli dövlət xadimi, istedadlı alim, adı ölkəmizin səhiyyə tarixinə qızıl hərflərlə yazılmış unudulmaz insan Əziz Məmmədkərim oğlu Əliyev 120 il əvvəl ilin ilk günündə anadan olub. Xalqımız bu böyük şəxsiyyətin yubileyini təntənə ilə qeyd edir.

Görkəmli dövlət xadimi, istedadlı alim, adı ölkəmizin səhiyyə tarixinə qızıl hərflərlə yazılmış unudulmaz insan Əziz Məmmədkərim oğlu Əliyev 120 il əvvəl ilin ilk günündə anadan olub. Xalqımız bu böyük şəxsiyyətin yubileyini təntənə ilə qeyd edir. Əziz Əliyevin tarixilik baxı- mından qısa, vətənpərvərlik, humanizm, görülmüş işlərin tarixi önəmi ilə zəngin və parlaq olmuş həyatına, dəyərli idarəetmə və elmi irsinə zaman-zaman maraq artır. Bu görkəmli dövlət və elm xadimi sadə, məhsuldar, sonrakı nəsillər üçün örnək olan mənalı bir ömür yaşayıb.

Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə gedib və ibtidai təhsilini orada alıb. Oxuyub- öyrənməyə sonsuz həvəsi olan balaca Əziz 1908-ci ildə İrəvan gimnaziyası- na daxil olub, 1917-ci ildə bütün fənlər üzrə əla qiymətlərlə başa vurub. Sonra Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçərək Rusiyanın ən öncül ali tibb müəssisələrindən sayılan Hərbi Tibb Akademiyasına daxil olub.

Əliyev birinci kursdan təhsil almaqla bərabər, boş vaxtlarında Sankt-Peterburqda yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-təmir briqadasında da işə düzəlib. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edib, həm də valideynlərinə yardım göstərib. 1918-ci ildə atası vəfat edib. O vaxtlar anasına və kiçik qardaşına xalası G.Qədimbəyova himayədarlıq edib.

Əziz Əliyev 1918-ci il yay tətilini evlərində keçirmək üçün İrəvana gəlib. Lakin burada dəhşətli mənzərə ilə üzləşib. Erməni daşnaklarının qəddarlıqlarına tab gətirməyib ailəsi ilə birlikdə çətinliklə Şərura pənah aparıb. Bir müddətdən sonra anasını və qardaşını Şahtaxtı kəndinə aparıb. Ailənin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevi təhsilini davam etdirmək imkanından məhrum edib.

1920-ci ilin may ayında isə daşnak qoşunları bolşevik havadarlarının birbaşa dəstəyi ilə Şərurda, o cümlədən Şahtaxtıda amansız dağıntı və qırğınlar törədiblər. Didərgin düşən Şahtaxtı əhalisi, o cümlədən Əzizin ailəsi Cənubi Azərbaycanın Ərəblər kəndinə sığınıblar. O, tibbi xidmətini burada da davam etdirib və həkim köməkçisi kimi əhaliyə lazımi yardım göstərib. Anası 1920-ci ildə Ərəblər kəndində vəfat edib. 1921-ci ilin iyun ayında onlar Şahtaxtıya qayıdıblar. Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışıb.

1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçüb, yarımçıq tibb təhsilini Bakı Dövlət Universitetində davam etdirib. O, 1927-ci ildə tibb fakültəsini bitirib və daxili xəstəliklər kafedrasında saxlanılıb. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərib. 1929-1932-ci illərdə Azərbaycan Klinik (Farmakologiya) İnstitutunun direktoru vəzifəsində çalışıb.

Əziz Əliyev İkinci dünya müharibəsi dövründə və sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri unudulmaz tarixə çevrilib. Təcrübəli həkim Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb.

Özünə və başqalarına qarşı son dərəcə tələbkar olan Əziz Əliyev həmişə ölkəmizdə tibb elminin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına çalışıb və istəyinə nail olub. Görkəmli alimin həyatının Azərbaycan Tibb Universiteti ilə bağlı parlaq səhifələri respublikanın tibb ictimaiyyəti, səhiyyə işçiləri, professor-müəllim heyəti və tələbə kollektivi üçün daim parlaq bir nümunə olub.

1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasının təşkilati işlərinin yerinə yetirilməsində mühüm rol oynayan əsas simalardan biri Əziz Əliyev olub və 1932-ci ildən etibarən bu ali məktəbin rektoru vəzifəsində çalışıb. Həmin illərdə respublikada yüksək ixtisaslı həkimlərə ciddi ehtiyac duyulması, onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibb üzrə dərslik və dərs vəsaitlərinin yoxluğu, tədris bazasının zəifliyi və digər məsələlər çətinliklər törətsə də, rektor bu problemlərin aradan qaldırılması üçün təsirli tədbirlər görüb.

Əziz Əliyev 1934-cü ildə respublika paytaxtında səhiyyə işlərini canlandırmaq üçün Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri təyin edilib. Ancaq az keçməmiş, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksəkixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən Tibb İnstitutu rektoru vəzifəsinə qaytarılıb. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirib.

Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarı- na verilib. O, institut kollektivinin köməyi ilə “Tibb nəşriyyatı” yaradıb və rektorun təşəbbüsü ilə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşri əsaslı surətdə təkmilləşdirilib. 1933-cü ildə o, jurnalın baş redaktoru təyin edilib.

Bacarıqlı səhiyyə təşkilatçısı Əziz Əliyev müxtəlif ictimai, inzibati, təşkilati işlərdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmayıb. O, institutu bitirəndən iki il sonra – 1929- cu ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiyasını müdafiə edib. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, SSRİ gənclər təşkilatı mərkəzi komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi. Ə. Əliyev 1941-ci il mayın 13-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilib.

Görkəmli alimin “Klinik analizlər” adlı dərsliyi tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb. Onun “Həzm zamanı qanın xloridləri” (1928), “Malyariyanın Karno metodu ilə müalicəsi” (1932), “Klinik analizlər üzrə rəhbərlik” (1933) kimi bir sıra elmi əsəri “Azərbaycan tibb jurnalı”nda çap edilib. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib.

Əziz Əliyevin Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11 doktorluq və xeyli namizədlik dissertasiyası müdafiə edilib. Professorun təşəbbüsü ilə kafedraların nəzdində təsis edilmiş aspiranturada 4 il ərzində 30 tibb elmləri namizədi hazırlanıb. Onlardan 19-u milli kadr olub. O, tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkib və onların yetişmələrində müstəsna rol oynayıb.

Həkim tələbələrin həyatı ilə dərindən maraqlanan rektoru gənclərlə bağlı problemlər daim ciddi düşündürüb.1933-cü ildə Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə “Tibb şəhərciyi”nin inşasına başlanılıb. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib və bu iş ulu öndər Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi dövrdə uğurla davam etdirilib.

Əziz Əliyev hər il Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlı- larını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edib, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradıb. Həmin gənclərin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq müəllimlərinin yolunu davam etdirib.

İkinci dünya müharibəsi illərində Əziz Əliyev polkovnik rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana ezam edilib,Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda olub. Həmin dövrdə Əziz Əliyevlə İranda xidmət etmiş, sonralar onun yaxın dostlarından birinə çevrilmiş general-polkovnik N.İ Trufanov öz xatirələrində yazırdı: “Ə. Əliyev İranda işləyərkən özünü dərin siyasi savada malik bir təşkilatçı kimi göstərdi. İranda bir çox məsələnin həllini Əziz Əliyev öz üzərinə götü- rürdü”.

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942- 1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Dağıstan zəhmətkeşləri Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayıb və bu, xalq məhəbbətindən doğan ali duyğuların təntənəsinə çevrilib. Həmin medalyon Azərbaycanın Tarixi Muzeyində saxlanılır.

Böyük alim və ictimai xadim 1949-1950-ci illərdə Moskvada ÜİK(b)P MK-nın inspektoru, 1950- 1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini oub. Sonrakı illərdə təcrübəli səhiyyə təşkilatçısı kimi o, Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib.

Nüfuzlu dövlət xadimi Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR Ali Sovetinin deputatı olub. Onun vətən və xalq qarşısındakı misilsiz xidmətləri görkəmli həkim və alim, əla səhiyyə təşkilatçısı və səriştəli rəhbər, təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirilib. Unudulmaz soyda- şımız iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, “Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960- cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilib.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə, Kaspiysk Tibb Məktəbi bu görkəmli dövlət və elm xadiminin adı- nı daşıyır. Dağıstanın paytaxtında son illərdə Əziz Əliyevə əzəmətli abidə ucaldılıb. Əslində isə Əziz Əliyevin əbədi heykəli Azərbaycan və Dağıstan xalqlarının qəlbində çoxdan ucaldılıb.

1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən ümummilli lider Heydər Əliyev Əziz Əliyevin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmış- dı. Bir müddət repressiyaya məruz qalmış Əziz Əliyevin dözümü, polad iradəsinin ifadəli cizgiləri gözlərimiz önündə canlanmışdı.

Əziz Əliyev 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi Bakıya dönəndə bütün ailə repressiyanın sona çatdığını düşünüb dərindən nəfəs almışdı. Amma bu sevincin ömrü çox gısa olmuşdu. Heç bir il keçməmiş – 1951-ci ildə onu növbəti gülünc ittihamla işdən çıxarmışlar: guya, valideynlərinin mənşəyini göstərərkən nəyisə gizlədib. Bu məsələ ilə bağlı arxiv materiallarına nəzər salaq: “Əziz Əliyev İrəvan quberniyasının İrəvan şəhərində (əslində Hamamlı kəndində – K.Q.) Məmmədkərim Kərbalayı Qurbanəli oğlu ilə İbrahim bəy Süleymanbəyovun qızı Zəhra xanımın ailəsində – azərbaycanlı ailəsində doğulmuşdur”.

Azərbaycan SSR dövlət təhlükəsizliyi naziri S.F.Yemelyanovun 1952-ci ildə tərtib etdiyi arayışda göstərilirdi: “ Əziz Əliyevin atası tacir və kəndxuda olub... Əziz Əliyevin anası varlı ailədəndir. Əmisi Əliyev Ələkbər uryadnik olmuş və İrəvan qubernatorunun mühafizə dəstəsində çalışmışdır. Ə.Əliyevin digər əmisi Fətəli xan Xoyskinin (Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri – K.Q.) şəxsi zəmanəti ilə Azərbaycanın bölgələrindən birinin rəisi təyin olunmuşdur. Dayısı Süleymanbəyov isə İrəvan qəzasında pristav vəzifəsində çalışmışdır”.

Bütün bunlar adi bir adam haqqında deyil, Azərbaycanın rəhbərlərindən biri olmuş, polkovnik, tibb elmləri doktoru, professor, uzun illər Dağıstana rəhbərlik etmiş, Moskva Ali Partiya Məktəbini bitirmiş, nəhayət, xeyli müddət Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışmış, nümunəvi işinə görə dəfələrlə mükafatlandırılmış bir şəxs haqqında idi. Müasirləri yaxşı bilirdilər ki, Əziz Əliyev heç vaxt öz sosial mənsubiyyətini gizlətməyib, əksinə,onunla həmişə fəxr edib.

Heydər Əliyev Əziz Əliyevin həmin yubiley gecəsində çıxış edərkən alimə xas olan incəliklərdən söz açmış və onun insani keyfiyyətlərindən danışmışdı: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimlərlə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalı- şırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi".

Professor Əziz Əliyevin sevimli həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri mehriban övladları valideyn tərbiyəsinə layiq və sadiq övladlar olmuşlar. Ən şərəflisi və əhəmiyyətlisi də odur ki, onlar atalarının himayəsinə arxalanmadan, heç kimdən kömək gözləmədən öz istedadları, bacarıqları hesabına ucalmış və hər biri öz sahəsində yüksək nailiyyətlər qazanmışdır.

Əziz Əliyev təkcə bir evə, bir ailəyə, bir ölkəyə sığmayan bəşəri bir şəxsiyyət olub. O, dünyanın bütün tərəqqipərvər xalqlarına eyni hörmət və məhəbbətlə yanaşan humanist insan idi. Ona görə də təkcə Azərbaycan xalqı deyil, təmasda olduğu bütün xalqların nümayəndələri bu böyük insana hörmət və məhəbbət bəsləyir, onun xatirəsini əziz tutur, adını daim əbədiləşdirirlər.

Görkəmli dövlət xadimi, yüksək səhiyyə təşkilatçısı, gözəl ata və insan olan Əziz Əliyev haqqında yazını möhtərəm Prezidentimiz İlham Əliyevin 2016-cı il dekabrın 26-da Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovla görüşündə söylədiyi dəyərli, ibrətamiz sözlərlə bitirmək istəyirəm: ”Sizin təşəbbüsünüzlə Dağıstandakı küçələrin biri bizim dahi lider Heydər Əliyevin adını daşıyır. Həmçinin Sizin təşəbbüsünüzlə bir qədər əvvəl Mahaçqalada Böyük Vətən müharibəsi illərində dağıstanlıları normal həyatla təmin etmək üçün böyük işlər görmüş Əziz Əliyevin abidəsinin açılışı olub.

Mənim üçün bunun xüsusi mənası var. Çünki mənim babamın və atamın xatirəsi qardaş Dağıstanda əbədiləşdirilib. Gənc nəslin bu barədə bilməsi çox vacibdir. Sizin tərəfinizdən atılan bu addımlar həm onların xatirəsinə ehtiram əlamətidir, həm də gənclərin bizim ənənə və köklərimizi bilməsinə istiqamətləndirilib”.

Kamaləddin QAFAROV,

Milli Məclisin deputatı

Xalq qəzeti 31 dekabr 2016-cı il