Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüş keçirdi

Bakı şəhəri 9 saylı Binəqədi ikinci seçki dairəsindən  Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Kamaləddin Qafarovun  fevralın 22-də YAP Binəqədi Rayon Təşkilatının binasında  seçicilərlə  görüşü olmuşdur. Millət vəkili hər bir seçicini fərdi qaydada qəbul edib, onların qaldırdıqları məsələləri  dinləmişdir. Seçicilərin qaldırdıqları problemlər, əsasən,  sosial yönümlü  olmuşdur. Ayrı-ayrı sakinlər isə şəxsi məişət problemləri barədə  millət vəkilinə müraciət etmişlər. Bəzi məsələlər yerindəcə həll edilmiş, digər problemlərin araşdırılması və həlli ilə bağlı konkret tapşırıqlar verilmişdir.

       Milli Məclisinin deputatı Kamaləddin Qafarov  son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilən irimiqyaslı  layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, Azərbaycanın iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından söhbət açaraq, gələcəkdə də yeni qələbələrə və uğurlara imza atmaq  üçün seçiciləri  daha fəal və qətiyyətli  olmağa səsləmişdir.

      K.Qafarov 2019-cu ildə ölkə qarşısında duran prioritet iqtisadi və siyasi hədəflərdən danışmışdır. O, qeyd etmişdir ki,  bu il ölkə üzrə islahatların faktiki olaraq üçüncü inkişaf  mərhələsinə qədəm qoyması, gələcəkdə Azərbaycana çox böyük iqtisadi və sosial dividentlər gətirəcəkdir. Mininmum əmək haqlarının, pensiyaların, müxtəlif adlı təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, sahibkarlığın intensiv inkişafına yönəlmiş  vergi islahatları, struktur dəyişiklikləri, ictimai-iqtisadi və siyasi həyatın bütün sahələrində şəffaflıq, neqativ hallara qarşı barışmaz mübarizə bu islahatların ayrılmaz hissələridir.

Millət vəkili əmin oduğunu bildirmişdir ki, bu taleyüklü məslələrin həllində Binəqədi rayonunun bütün zəhmətkeşləri  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ətrafında sıx şəkildə birləşəcək, ölkəmizdə dayanıqlı iqtisadi-siyasi sabitliyin bərqərar olması üçün daim dövlət və dövlətçiliyimizin  qorunması üçün səylərini əsirgəməyəcəklər.

Görüşdə çıxış edən seçicilərdən  Kəmalə Səmədova, Tərifə Abdulova, Güllər Cəfərova, Məzahir Orucov, Zümrüd Zülfüqarova və başqaları dövlətimizin son dövrdə Azərbaycan xalqının rifahının xeyli yaxşılaşmasına yönəlmiş tədbirləri  bəyəndiklərini və  yeni islahatları ürəkdən dəstəklədiklərini bildirmişlər.