Prezident İlham Əliyev səhiyyə sahəsində çox mühüm islahatlar həyata keçirmişdir - Deputat Kamaləddin Qafarov

Görüşdə giriş nitqi söyləyən YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov Azərbaycanda son 14 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verdi. Yol infrastrukturunun daha da inkişaf etdirilməsi, yeni körpülərin və yeraltı keçidlərin tikilməsini iqtisadi uğurlarımızın göstərici adlandırdı. Yeni yolların çəkilməsinin vətəndaşların rahat hərəkəti üçün yaradılan mühüm şərait olduğunu qeyd etdi. Ramiz Göyüşov həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni nəslin daha sağlam böyüməsi, vətəndaşların maddi-rifah halının yüksəldilməsi, sosial müvavinətlərin artırılması istiqamətində görülən işləri ətraflı qeyd etdi. Bir sözlə, bütün sahələr üzrə əldə olunan yüksək inkişaf göstəricilərinə nəzər salaraq bütün bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu vurğuladı. Rayon təşkilatının sədri bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində yekdilliklə iştirak etməyə, son 14 ildə ölkəmizi tərəqqiyə, xalqımızı firavanlığa aparan liderə səs verməyə çağırdı.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında iqtisadi islahatlardan, səhiyyə sahəsindəki nailiyyətlərdən danışdı. Dövlət başçısı cənab İlham Əliyevin son 14 ildə 100 illərə bərabər işlər gördüyünü, ölkəmizin xoşbəxt gələcəyinin təmin edilməsi üçün bütün gücünü səfərbər etdiyini söylədi. Bu yaxınlarda açılışı gerçəkləşdirilən və ölkəmizə milyardlarla dollar həcmində vəsaitin daxil olmasını təmin edəcək iri layihələrdən bəhs  etdi. Eyni zamanda dövlət başçısının siyasi iradəsi ilə böyük İpək Yolu layihəsini reallaşdırılması istiqamətində də mühüm addımların atıldığını vurğuladı. Millət vəkili səhiyyənin inkişafı, ölkəmizdə yeni xəstəxanalrın tikilməsini, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq tipli yeni tibbi avadanlıqlarla təmin edilməsini uğurlu səhiyyə islahatlarının göstəricisi olduğunu qeyd etdi. Ölkəmizdə əhalinin sağlamlığınn qorunması, peşəkar tibbi kadrların hazırlanması üçün görülən işlərin davamlı olduğunu bildirdi. Əldə olunan uğurların bundan sonra ardıcıl və davamlı olması üçün bütün seçiciləri bu ilin aprlin 11-də keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru Asəf Zamanov isə cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan təhsil islahatlarından danışdı. Son 14 ildə minlərlə tam orta ümumtəhsil və ali təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsindən, təhsilini keyfiyyətinin yüksəldilməsi istiqamətində reallaşdırılan islahatlardan bəhs etdi. Yeni dərsliklərin yazılmasını, gənclərin xaricdə təhsil almaları üçün dövlət tərəfindən maliyyə xərclərinin ödənilməsini bu islahatların mühüm tərkib hissəsi adlandırdı. Asəf Zamanov bunlarla yanaşı gənclərimizin hərtərəfli – savadlı, elmli, peşəkar mütəxəssislər olaraq yetişmələri üçün onların ictimasi-siyasi fəallıqlarının artırılması, sosiallaşması, təşəbbüslərinin dəstəklənməsi üçün mühüm işlərin görüldüyünü qeyd etdi. Ölkəmizin və xalqımızın davamlı inkişafı, tərəqqisi naminə seçicilərin əvvəlki seçkilərdə olduğunu kimi qarşıdan gələn Prezident seçkilərində də cənab İlham Əliyevə etimad göstərəcəklərinə və səs verəcəklərinə inandığını bildirdi. Bütün seçiciləri fəal olmağa səslədi.

Sahibkar, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov çıxışında ölkəmizdə sahibkarlığın inkişafı, sahibkarların rahat və maneəsiz fəaliyyət göstərmələri üçün cənab İlham Əliyevin rəhbərliyi ilə göstərilən dövlət qayğısından, sahibkarlara güzəştli kreditlərin verilməsini, istehsal sahələrinin genişləndirilməsi üçün həyata keçirilən islahatlardan danışdı. Bu gün Azərbaycanda sahibkarların əlverişli və səmərəli fəaliyyət göstərməsi üçün hər bir şəraitin yaradıldığını bildirərək, dövlət başçısı cənab İlham Əliyevi sahibkarların əsl dostu adlandırdı. Onun sözlərinə görə bu seçkilərin favoriti Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevdir. Çünki ötən illər ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib, nailiyyətlər qazanıb. Məhz bu baxımdan bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində dövlət başçısının ətrafında birləşməyə və onun namizədliyini dəstəkləməyə çağırdı. Azərbaycan vətəndaşları ən layiqli namizədə səs verəcəklər.  Bu gün ən böyük sərvətlərimizdən biri ölkəmizdə mövcud olan sabitlikdir. Düşünürəm ki, aprelin 11-də xalqımız sabitliyə və inkişafa səs verəcək.

Görüşün sonunda çıxış edən seçicilərdən – Məleykə Allahverənova, Şirincan Məmmədova, Leyla Quluzadə,  Mahmud Mahmudov və başqaları cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini və qarşıdan gələn Prezident seçkilərində məhz ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir