- Hamıya, hətta ölkəmizin saysız-hesabsız uğurlarını həzm edə bilməyən bir çox bədxahlara da məlumdur ki, Azərbaycanın adı hazırda dünyanın inkişaf etmiş, populyarlıq qazanmış bir sıra dövlətləri ilə yanaşı çəkilir. Ölkəmizin beynəlxalq aləmdə ən islahatçı ölkə kimi nüfuz qazanmasını bugünkü uğurlarımızın təntənəsi kimi dəyərləndirirəm. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək üçün davamlı islahatların həyata keçirilməsi təbii ki, Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdəndir.
Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin reallaşması son 15 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan modelinin mövcudluğu uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sektorunun sürətlə genişlənməsi, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması ölkənin inkişafını daha da sürətləndirir.
Ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdəndir. Özəl sektorun inkişafının daha da sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait yaratmışdır. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin hər vasitə ilə formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir: insan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə titanik inkişafı gerçəkləşdirmək. Bunun üçün potensial baza neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir.
- Siz Azərbaycan Respublikası Milli Məclisində səhiyyə seqmentini təmsil edirsiniz. Qeyq olunan davamlı inkişaf prosesi burada özünü necə göstərir, hansı əlamətdar dəyişikliklərlə keyfiyyətcə yeni mərhələyə qədəm qoyur?
- Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində uğurlar qazandığı sahələrdən biri də, şübhəsiz, səhiyyə sahəsidir. Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təbii ki, bu da dövlətimizin vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı təbii ki, daha aydın görünür. Belə ki, atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət bu sahəni keyfiyyət və kəmiyyət gösəriciləri ilə zənginləşdirmiş, səhiyyə sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin fərmanları əsasında təsdiqlənən və uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bölgələrdə diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Möhtərəm Prezidentimiz İlham Əliyevin böləgələrə səfərləri çərçivəsində bu və ya digər səhiyyə ocaqlarının tikilərək, yaxud yenidən bərpa olunaraq istifadəyə verilməsi, eyni zamanda təməlqoyma mərasimlərinin keçirilməsi də yaddaqalan mühüm hadisələr sırasındandır. Bir məqamı da qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələr kimi, səhiyyədə də yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi önəm verir. Dünya səhiyyə elminin uğurlu inkişafını insanların sağlamlığına töhfə kimi dəyərləndirən cənab İlham Əliyev bildirir: “Biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun. Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir… Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır.»
Bir əsas məqamı da qeyd edək ki, beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirir. Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Qeyd etdiyimiz kimi, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və icrasına xüsusi diqqətin göstərilməsi bir daha bu reallığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olmasını qarşıya mühüm vəzifə kimi qoyub. İnsanların sağlamlığının keşiyindən dayanmaq, onlara yüksək xidmət göstərmək səhiyyə işçilərinin borcudur.
- Kamaləddin müəllim, səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsi, yeni innovasiyaların təşviqi və tətbiqi, səhiyyə sahəsində yol xəritəsinin tərtibi və reallaşdırılması sahəsində qarşıda duran vəzifələr bu sahəyə gələcəkdə də diqqətin daim artırılmasını diqtə edir…
- Şübhəsiz! Bildiyiniz kimi, orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə "Strateji yol xəritəsi"nin hazırlanması işlərinə start verilib.
Strateji Yol Xəritəsi çərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşılaşdırmaq və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır.
Bu məqsədlə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması və həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, eyni zamanda səhiyyə islahatları planlı şəkildə davam etdiriləcəkdir. Səhiyyənin idarə olunmasında həddən artıq mərkəzləşmədən imtina edilməsi, idarəetmədə sırf icraçı funksiyalarının inzibati-iqtisadi formalarla əvəz olunması üçün tədbirlər görüləcək və bununla da müxtəlif səviyyəli idarəetmə strukturlarının səlahiyyətlərinin səmərəli şəkildə ayrılması və onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcəkdir.
İcbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaqdır. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır.
Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır. Tibb işçilərinin əməyinin son nəticəyə görə qiymətləndirilməsi prinsipinin tətbiq olunması üçün tədbirlər görüləcəkdir. Əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə informasiya sistemi yaradılacaqdır.
- Müsahibənin sonunda ölkəmiz üçün çox əlamətdar bir məsələyə də toxunmaq istərdik: 11 aprel Prezident seçkiləri günüdür...
- Biz bayaqdan sizinlə ölkəmizdə son 15 ildə gedən böyük inkişaf və tərəqqinin bəzi istiqamətlərindən, fraqmentlərindən bəhs edirik. Bu qədər miqyaslı qələbələrin, uğurların müəllifi, ilhamvericisi, təşəbbüskarı və rəhbəri kimdir? Əlbəttə, ölkə prezidenti İlham Əliyev! Bunu heç kəs, heç müxalif qüvvələr də inkar edə bilməz. Müxalifət demişkən, son dövrdə canlanmağa səy göstərən bəzi qüvvələrə səmimi bir tövsiyəm var.
Azərbaycan xalqının hazırda kifayət qədər populyar, işgüzar, praqmatik, tolerant bir lideri – İlham Əliyev var və ölkəmizin ikinci liderə qətiyyən ehtiyacı yoxdur. Bu liderə qarşı çıxmaq istəyən partiya və siyasi qüvvələrin nəsibi birmənalı şəkildə məğlubiyyət olacaq. O qüvvələrin yalnız “inqilabi” təcrübə toplamaq məqsədi ilə kiçik qruplar halında toplaşıb siyasi imitasiyaya gücləri çatar.
700 min nəfərdən çox üzvü olan YAP kimi möhtəşəm bir partiyanın liderinə rəqib olmaq, onunla Prezidentlik uğrunda mübarizə aparmağa cəhd göstərmək siyasi don kixotluq deyilmi? Bu partiyanin liderini - Prezidentimizi butun Azərbaycan xalqı sevir və ona inanır, güvənir. Hamını bir nəfər kimi prezidentimizi dəstəkləməyə və ona olan sevgi və sayğılarımızı aprelin 11-də təsdiqləməyə dəvət edirəm!