Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində aprelin 19-da iki ölkənin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin görüşü keçirilib.

Gürcüstan Parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze həmkarlarını ölkəsində salamlayaraq, belə görüşlərin keçirilməsinin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu deyərək, xalqlarımızın tarix boyu mehriban əlaqələrindən bəhs edib.

Dostluq qrupunun rəhbəri parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini, qanunverici orqanlar arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə inamını bildirib. Bu sahədə əlaqələrin gücləndirilməsində, habelə informasiya və təcrübə mübadiləsi baxımından parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli olduğunu vurğulayıb.
Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev səmimi görüşə görə təşəkkürünü bildirib. O, Gürcüstanın bizim üçün yaxın dost və müttəfiq olduğunu, ölkələrimiz arasında əlaqələrin tarixi köklərə söykəndiyini deyib, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib.

Milli Məclisin deputatı bildirib ki, qanunverici orqanlarımız dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar arasında mütəmadi əlaqələrin qurulması qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir. Qeyd edilib ki, postpandemiya dövründə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da güclənməsinə təkan verəcək. Bildirilib ki, hər iki ölkə parlamentinin deputatları, eyni zamanda, mötəbər beynəlxalq parlament qurumları çərçivəsində də səmərəli əməkdaşlıq edirlər, bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Görüşdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı və Naqif Həmzəyev iştirak ediblər.