Bakıda “Cümhuriyyətdən başlanan müqəddəs yolun davamçıları” adlı təhsil konfransı keçirilib (FOTO)

Binəqədi rayonunda 2017-2018-ci tədris ilinin yekunları münasibətilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyətdən başlanan müqəddəs yolun davamçıları” adlı təhsil konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkilləri Kamaləddin Qafarov, Şahin İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.

Konfrans Azərbaycan Xalq Cümhuriyyəti illərində yaşayıb yaratmış ədəbiyyatımızın klassiklərindən Əhməd Cavad, Hüseyn Cavid, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə və Cəfər Cabbarlı obrazlarının çıxışı ilə start götürmüş, rayonun istedadlı gənclərinin “Gülbahar” musiqisinin ifası ilə başlanılıb.

Daha sonra tədbir Azərbaycan Respublikasının dövlət himnin fonunda kompozisiya ilə açıq elan edilib.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2017-2018-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib.

Aygün Əliyeva bildirib ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb. Bu il rayonumuzun orta məktəblərini bitirən 2150 məzundan 1256-sı ali məktəblərə qəbul olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı əvəllki illərə nisbətdə göstəricilər yüksələrək – 113 nəfər olub.

Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı rekord nəticə 700 bal toplayaraq tələbə adını qazanmış 297 № li tam orta məktəbin məzunu Anar Abıyev, 115 № li tam orta məktəbin məzunu Lamiyə Mahmudlu, 313 № li tam orta məktəbin məzunu Ayxan Vəliyev, 135 № li tam orta məktəbin məzunu Şəfiqə Şahbazlı əldə etdikləri təhsil uğurlarından danışıblar.

Daha sonra çıxış edənlər Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili cənab Şahin İsmayılov öz çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.

Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb. Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğulayıb. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib.

Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar.

Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirilib.

Konfrans istedadli gənclərin ifasında “Azərbaycan anaların anası” mahnısı ilə yekun vurulub.