Cənab İlham Əliyevlə daha böyük zəfərlərə doğru!

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirib, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynamağa başlayıb. Əhalinin mütləq əksəriyyəti Cənab İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə növbəti dəfə etimad göstərməyə hazırdır. Azərbaycan xalqının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini növbəti dəfə ifadə edəcəyinə heç bir şübhə yoxdur. R.Göyüşov çıxışının sonunda bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləəck Prezident seçkilərində Cənab İlham Əliyevə dəstək olmağa və ona səs verməyə çağırdı.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov vurğuladı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının layiqli həyat şəraitini təmin etməkdən ibarətdir. Əminliklə demək olar ki, son 15 ildə qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra olunub, ölkə iqtisadiyyatının dinamik inkişafı, dövlət proqramlarının, investisiya layihələrinin reallaşdırılması, makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəlməsi təmin edilib. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik siyasəti bundan sonra da Azərbaycan üçün yeganə inkişaf yolu olacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ümumxalq dəstəyi dövlətimizin başçısının parlaq qələbəsi ilə nəticələnəcək. E.İbrahimov səsvermə hüququ olan bütün əhalimizi Cənab İlham Əliyevə dəstək olmağa və Prezident seçkilərində fəallıq göstərərək, ona səs verməyə dəvət etdi.

Milli Məclisin deputatı Kamaləddin Qafarov nitqində qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 15 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Heydər Əliyev siyasətinin məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır. Son 15 il Azərbaycan üçün bütün sahələrdə çox uğurlu dövr olub və qarşıdan gələn dövrdə yeni mühüm nailiyyətlərin əsası qoyulub. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulacaq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacaq, ölkəmizi və xalqımızı daha böyük nailiyyətlərə, zəfərlərə doğru inamla aparacağıq.

"Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov çıxışında vurğuladı ki, müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan xilas etmək üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə Cənab İlham Əliyev kimi dərin zəkaya, dünyada gedən siyasi – iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz Vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir. Dövlət başçısı Cənab İlham Əliyevin dövlətimiz və xalqımız qarşısıdakı xidmətləri əvəzsizdir. A.Abdulkərimov bütün seçiciləri Cənab Prezidentin ətrafında sıx birləşməyə, ona dəstək olmağa və Prezident seçkilərində hamılıqla ona səs verməyə çağırdı.