Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir

“20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 30 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini,  YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiyməti verilməyib, cinayəti törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq.

Əli Əhmədov deyib ki, biz 20 Yanvar hadisəsini yalnız faciə kimi xatırlamamalıyıq. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. Onun sözlərinə görə, sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu.

YAP Sədrinin müavini  qeyd edib ki, 20 yanvar facisənin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Onun təşəbbüsü ilə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi.

Baş nazirin müavini, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər  davam etdirilir.