Kamaləddin Qafarov: Yeni intibah mərhələsinin əsasını qoyan güclü LİDER

Bu gün dünyada baş verən mürəkkəb siyasi proseslərdə Azərbaycan Prezidentinin qətiyyətli addımları ölkəmizin sabit və sakit bir şəraitdə inkişafına səbəb olan amildir. İqtidar və xalq birliyi də burada önəmli faktordur. Prezident İlham Əliyev ən mürəkkəb vəzifələrin öhdəsindən inamla gəlir, milli maraqlar çərçivəsində real müstəqil daxili və xarici siyasət həyata keçirir. Artıq 14 ildir ki, hər bir azərbaycanlının Prezidenti kimi uğurlu fəaliyyət göstərən Cənab İlham Əliyev, ötən müddət ərzində, gördüyü nəhəng işləri və reallaşdırdığı çoxsaylı layihələri ilə adını dünyanın müdrik siyasi liderləri sırasına qızıl hərflərlə həkk edib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmiz beynəlxalq aləmdə nüfuzunu xeyli artırıb. Onun uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla bərabərhüquqluluq, qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini daim inkişaf etdirir. Təkcə onu göstərmək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan son 14 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan ölkədir: "İkitərəfli əlaqələr inkişaf edir və biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var". Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir. Prezidentin reallaşdırdığı siyasət, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi, bir daha sübut edir ki, o, bu statusa malik olan alternativsiz dövlət xadimidir. 2003-2017-ci illər Azərbaycanda sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub. Bu dövr ərzində Azərbaycan istər siyasi, istərsə də iqtisadi sahədə uğurlar qazanıb. Ötən müddətdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər reallaşdırılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, başlıca olaraq bir məqsədi var: Bu, Azərbaycan vətəndaşının maraqlarıdır və ölkə vətəndaşlarının həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsidir. Ona görə də, vətəndaşlar Prezidentə olan sədaqəti, inamı ölkə başçısının da xalqa olan münasibəti, qayğısı və diqqəti vəhdət təşkil edir. Beləcə, xalq-iqtidar birliyi də burada öz sözünü deyir. Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. O, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir və məhz buna görə, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini və etimadını qazanır. Dövlət başçısı dəfələrlə sübut edib ki, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə Azərbaycanı daha böyük zirvələrə aparacaqdır.

MÜASİR AZƏRBAYCAN SİYASİ VƏ İQTİSADİ ÇƏKİSİNƏ GÖRƏ DÜNYANIN ƏN NƏHƏNG ÖLKƏLƏRİ İLƏ MÜQAYİSƏ OLUNUR

Bu gün Azərbaycan dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasındadır. Hətta Azərbaycan siyasi və iqtisadi çəkisinə görə, dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin də müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Qətiyyətlə deyə bilərik ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olmasına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində iqtisadiyyatın inkişafında neft amilinə verilən yüksək dəyərin nəticəsi, təbii ki, Azərbaycanın bugünkü reallıqlarıdır. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin irsinin layiqincə yaşadılması dayanır. Müasir, modern dövlət olaraq tanınan ölkəmiz Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycanın mövqeyini möhkəmləndirərək, 37-ci yerdən 35-ci yerə yüksəlməsi və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək, MDB məkanında şəriksiz liderə çevrilməsi inkişafımızın daha bir göstəricisi oldu. Bu və ya digər göstəricilər, statistik rəqəmlər Azərbaycan haqqında çox reallıqları əks etdirir. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru sayılan "Əsrin Müqaviləsi" Azərbaycanın müstəqillik tarixində imzalanan ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdəndir. Tarixi müqavilə müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmlətdi. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin Müqaviləsi"nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində, "Əsrin Müqaviləsi" Azərbaycanı investisiyalara açıq dövlətə çevirdi və xarici investorlar, bu layihə təsdiqini tapdıqdan sonra, sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. Müqavilənin izalanması güclü Azərbaycanın əsasını qoydu. Bu il Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edildi və yenidən tərtib olunmuş Saziş imzalandı və "Azəri-Çıraq-Günəşli" neft yataqlarının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Müqavilənin uzadılması gələcək üçün uzunmüddətli çiçəklənməni və sabitliyi təmin edəcək. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 1994-cü ildə imzalanmış kontraktın, bizim maraqlarımızı tam təmin etməsinə baxmayaraq, bu dəfə isə, daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bu şərtlərin isə, Azərbaycanın gələcək inkişafında əhəmiyyəti böyükdür. Neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının bütünlüklə çiçəklənməsi deməkdir. Həyata keçirilən qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində, bu gün neft Azərbaycan xalqının rifahına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin və insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Tarixi reallıqlara və statistik göstəricilərə əsaslanaraq, deyə bilərik ki, neft gəlirləri nəticəsində baş vermiş iqtisadi tərəqqi əhalinin gəlirlərinin artmasına, yoxsulluğun azaldılmasına və başqa sahələrdə irəliləyişə səbəb oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz neft kapitalını insan kapitalına çevirir.

AZƏRBAYCANIN SEÇDİYİ STRATEJİ YOL ÖLKƏMİZİ UĞURLU TARİXƏ VƏ İŞIQLI GƏLƏCƏYƏ APARIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi və ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Maliyyə böhranı, dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur etdiyi zamanda, Azərbaycanda səhiyyənin, təhsilin inkişafına, bu və ya digər sahalərin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artır. İnsanların sağlamlığının qorunması və təhsilin inkişafı prioritet məsələ kimi diqqətdədir. Gələcək nəslin sağlam böyüməsinə daimi diqqətin nəticəsidir ki, həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində tibb müəssisəsində təmir-tikinti işləri aparılıb, yeni müəssisələr istifadəyə verilib. Nəticə olaraq, bu gün deyə bilərik ki, dövlət tərəfindən bu proqramlara ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib. Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar və görülən işlər standartlar tələbindədir. Prezident İlham Əliyevin dediyi kimi, biz artıq Azərbaycan standartlarından da danışa bilərik: "Çünki indi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq".

Bu gün dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o, Azərbaycanda icra olunmasın. Qeyd edək ki, bədxassəli xəstəliklərə mübtəla olmuş uşaqlara qayğı dövlətimizin daim ciddi nəzarəti altındadır. Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli qərarı ilə "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" qəbul edilib. Bu proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, 2017-ci ildən başlayaraq, xəstəliklərin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaradacaqdır.

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının istifadəyə verilməsi səhiyyənini ən ağrılı problemlərinin həlli istiqamətində görülən əvəzsiz və çox böyük işdir. Klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir. Bütün bunlar, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür. Onun mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar ölkə Prezidentinin həyata keçirdiyi islahatlarda tətbiq olunur. Sözsüz ki, buna Azərbaycanın iqtisadi tərəqqisi təkan verir. Etiraf edək ki, davamlı və dinamik inkişafı özündə ehtiva edən milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Artıq ölkəmizdə yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyevin Fərmanı ilə "Yol xəritələri" təsdiq olunub. Bu "Yol xəritələri" uzunmüddətli prespektivlərə xidmət edir.

Bəli, 14 il ərzində, Azərbaycan uğurlu inkişaf tarixini yaşayıb. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir və bu yol Azərbaycanı daha uğurlu bir tarixə - gələcəyə aparır. Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Azərbaycanın ötən illərdəki uğurlarının fonunda işlənib- hazırlanan və təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmağa istiqamətlənib. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən daha dainkişaf etmiş, rəqabətqabiliyyətli bir ölkə olacaqdır.

Ölkəmizin 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gələrək, qazandığı biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Bu gün son illərin uğurlarından bəhs ediriksə, gələcəkdə daha möhtəşəm uğurlardan danışacağıq. Həyat davam edir və bu davamlılıq inkişaf və tərəqqi ilə müşayiət olunanda, daha böyük ruh yüksəkliyi yaradır. Bu uğurlara yol açan əsas amil isə, möhkəm təmələ əsaslanan siyasətdir və bütün xalqımız kimi, biz də bu siyasətin və tərəqqinin baş memarı olan Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq. Bu gün Azərbaycan xalqı inamlı şəkildə öz Liderinə arxalanır, məhz öz sevimli Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisi yolunda inamla irəliləyir. Bu yolumuz isə əbədi və dönməzdir!

Kamaləddin QAFAROV.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı