Kamaləddin Qafarov: “Azərbaycanın xarici siyasəti bölgədə müharibə risklərinin azalmasına xidmət edir”

“Azərbaycan istər postmünaqişə dövrünün birinci ilində, istərsə də cari ilin ilk üç ayı ərzində ölkə qarşısında duran bütün vəzifələri uğurla icra etmiş, bütün sahələrdə yüksək nəticələr qazanmışdır. 2021-ci il məhz müharibədən sonra keçən birinci il kimi ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb etmişdir. Keçən il Azərbaycan eyni zamanda iki böyük məsələnin həllinə nail olmuşdur. Bu vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinə start vermək, digəri isə bu proseslərə paralel olaraq Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları beynəlxalq müstəvidə planlı şəkildə qəbul etdirmək idi. Artıq bu gün hər iki istiqamət üzrə əldə edilmiş nəticələr göz qabağındadır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, cari ilin ilk üç ayı ərzində Azərbaycanda müşahidə olunan dinamik inkişaf ötən il ölkəmizdə gedən proseslərin məntiqi davamıdır: “Postmüharibə dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışarkən, ölkəmizin beynəlxalq təşkilatlarla təmasları və fəal əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev aprelin 12-də keçirilmiş və bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur. Bu baxımdan bir müddət əvvəl BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Ölkəmiz BMT-yə üzv olandan sonra işğal dövründə BMT və qurumun Təhlükəsizlik Şurası Azrbaycanın xeyrinə bir neçə ədalətli qərar qəbul etmişlər. Lakin bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qaldı. Nəhayət, Azərbaycan Qarabağ münaqişəsini öz gücünə, birtərəfli qaydada həll etdikdən sonra BMT-nin də üzərindən böyük bir məsuliyyət götürüldü. Yeri gəlmişkən, Şuşada keçirilən bu tədbirin önəmini vurğulayan maraqlı məqamlardan biri də bu beynəlxalq tədbirin Ermənistanda kütləvi isterikaya səbəb olması idi. Dövlət başçısının qeyd etdiyi kimi, postmüharibə dövründə

Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq inamla demək olar ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu normallaşmada maraqlıdır.Bu normallaşmaya doğru ilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün vacib şərtdir.”

Millət vəkili qeyd edib ki, Azərbaycan müəllifi olduğu yeni regional reallıqların yaratdığı imkanlardan bütün bölgə ölkələrinin yararlanmalarının tərəfdarıdır: “Azərbaycanın təkcə özünün deyil, həmçinin bütün bölgənin gələcək inkişafına dair son dərəcə aydın təsəvvürləri və real planları var. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan öz məqsədlərinə çatmaq üçün bundan sonra da bütün imkanlardan istifadə edəcək. Bu məqsədlər isə Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına, müharibə risklərinin böyük dərəcədə azalmasına xidmət edir. Lakin Azərbaycan sülh uğrunda çalışmalarına rəğmən işğalı, işğal dövründə qarşılaşdığı erməni vəhşiliyini də heç zaman unutmamalıdır. Azərbaycan Prezidentinin öz çıxışında toxunduğu uncə bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır. Prezidentimiz dedi ki, bu gün Azərbaycan güclü, Ermənistan isə zəif tərəfdir. Ermənistanın bütün davranışı da məhz bu amillərə söykənir. Həqiqətən də əgər biz bir xalq olaraq 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə və işğal siyasətini, Xocalı soyqırımını, digər qətliamları unutsaq, tarix bunu bizə bağışlamaz. Azərbaycan 30 il ərzində tam siyasi və iqtisadi müstəqilliyə nail oldu. Bu müstəqillik bizə 44 günlük Vətən müharibəsində qalib gəlmək və gələcək ordu quruculuğunu da öz gücümüzə əsaslanaraq aparmaq imkanı verib. Azərbaycan postmüharibə dövründə də yeni, müasir silahları, texnikaları almaqda davam edir. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında Prezident İlham Əliyev şəxsən iştirak etmişdir. Həmçinin İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılır və bu proses indi də davam edir. Azərbaycan bütün Cənubi Qafqazda sülhün və sabitliyin əsas qarantıdır”