Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirildi

Sentyabrın 20-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.
Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. Bu iclaslarda 13 məsələ, o cümlədən 12 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin 10-u Milli Məclis tərəfindən qəbul edilib. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 265 vətəndaşın müraciəti daxil olmuş, həmin müraciətlər tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilmişdir.
Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Diqqətə çatdırdı ki, payız sessiyasında “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirə olunacaq, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcəkdir. 
İclasda “Azərbaycan Respublikası ilə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə qanun layihəsi də müzakirə olundu. Bildirildi ki, bu sazişə görə adları çəkilən xəstəliklərlə mübarizə üçün Qlobal Fond ölkəmizə qrant ayıracaqdır.
Gündəlikdə olan “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məsələni Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd Bazıqov təqdim etdi. Bildirdi ki, qanunun “Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları”, “Dərman vasitələri haqqında informasiyanın yayımlanması” adlı maddələrə dəyişikliklər olunur və qanuna “Bioloji fəallığa malik qida əlavələri” adlı 14-1-ci maddə əlavə edilir.
Diqqətə çatdırıldı ki, bu dəyişikliklər ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onların bioloji fəallığa malik qida əlavələrindən fərqləndirilməsi məqsədilə edilir.
Çıxış edən komitə üzvləri İlham Məmmədov, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Rafiq Məmmədhəsənov, Kamaləddin Qafarov və müvafiq qurumların nümayəndələri qeyd edilən dəyişiklikləri müsbət qiymətləndirdilər. 
Sonda qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.