Milli Məclisin deputatı Kamaləddin Qafarov akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilmiş humanitar aksiyada iştirak etdi.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı artıq bir neçə ildir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ad gününə həsr edilmiş silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri Yasamal rayonundakı 3 nömrəli şəhər poliklinikasında təşkil edilib. Burada I və II qrup gözdən əlillər pulsuz tibbi müayinədən keçiblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, YAP Nəsimi rayon təşkilatının üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev tədbirdə çıxış edərək bildirib ki, əlillərin cəmiyyətə inteqrasiyası və onların həyat tərzinin yaxşılaşması məqsədilə son illər ölkəmizdə çoxlu dövlət layihəsi həyata keçirilib, çoxsaylı tədbirlər görülüb. S.Abdullayev qeyd edib ki, iki gün ərzində poliklinikada təqribən 200 gözdən əlil pulsuz tibbi müayinə olunacaq.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev, Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzi direktorunun müavini Kəmaləddin Qafarov və başqaları Zərifə Əliyevanın mənalı həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söz açıblar. Onlar bildiriblər ki, Z. Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələrində apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və fundamental əsərləri tibb elmi tarixinə parlaq səhifələr yazıb. Natiqlər bildiriblər ki, Azərbaycanda traxomanın kökünü kəsməyi qarşısına məqsəd qoymuş Zərifə xanım gözəl başa düşürdü ki, bu, çox mürəkkəb və çətin məsələdir. Ancaq bu işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, bu xəstəliyin aradan qaldırılmasında uğur qazandı.

Xüsusi vurğulanıb ki, Zərifə Əliyeva ziyalı qadın adını ucaltmış unudulmaz şəxsiyyətlərdən biridir. Böyük alim müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin sadiq ömür-gün yoldaşı və etibarlı dostu olub.