Milli maraqlara xidmət edən Konstitusiya islahatları

Bu islahatlar zərurətdən qaynaqlanır

Azərbaycan ölkənin ictimai-siyasi həyatı üçün əlamətdar olacaq daha bir tədbir ərəfəsindədir. Belə ki, məlum olduğu kimi sentyabrın 26-da ölkədə konstitusiya dəyişiklikləri məqsədilə ümumxalq səsverməsi keçiriləcək. Ana qanuna ediləcək dəyişikliklər bütün parametrləri üzrə Azərbaycan vətəndaşlarının rifahı, idarəetmə prosesinin təkmilləşdirilməsi, ölkənin daha da inkişaf etdirilməsinə xidmət edir. Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədir.

Millət vəkili Nizami Cəfərovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində əsas etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da möhkəmləndirilməsi və bir sıra digər məsələlər əks olunub ki, bu da ölkəmizdə islahatlar fəlsəfəsinin məhz milli maraqlara və inkişafa xidmət etdiyini göstərir: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər özündə kompleks məsələləri ehtiva edir. Əvvəla, onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb. Digər tərəfdən, layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir" məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Məhz bu, odarəetmə sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqla bu sahədə daha çevik və effektiv fəaliyyəti təmin etmiş olacaq. Bununla yanaşı, Silahlı Qüvvələrlə bağlı təklif olunan dəyişikliklər də təqdirəlayiqdir. Əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olacaq. Yəni Konstitusiya dəyişikliklərində bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Digər mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması ilə bağlıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü proqram və layihələri daha məqbul zaman formasında icra etməyə imkan verir, həm də özündə dünya təcribəsini ehtiva edir. Qeyd edim ki, hazırda dünyanın 30-a yaxın ölkəsində prezidentlik müddəti 7 ildir. İtaliya, İsrail, İslandiya, Qazaxıstan kimi ölkələrdə də prezidentlik müddəti 7 il olaraq təsbit edilib". Millət vəkili deyir ki, Referendum Aktının layihəsində

əksini tapan bütün məsələlər məhz vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasını, onların həyat şəraitinin daha da yaxşılaşmasını, dövlət qurumlarının məsuliyyətinin artırılması və digər sosial məzmunlu məqamları özündə ehtiva edir: "Bütövlükdə, Konstitusiyaya təklif olunan əlavə dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklərdir. Bir sözlə, milli maraqlara xidmət edən Konstitusiya islahatları zərurətdən qaynaqlanır.

Millət vəkili Kamaləddin Qafarov da deyir ki, ölkəmiz növbəti vacib siyasi proses ərəfəsindədir: "Dünya düzənində cərəryan edən proseslər, yeni inkişaf tendensiyaları və onların meydana çıxardığı tələblər, ən əsası isə 2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirib. Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrini əhatə edir. Konkretləşdirməyə gəlincə bu sahələr içərisində təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi xüsusi aktuallıq kəsb edir: "Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir". Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, sözügedən dəyişikliyin qəbulu qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdıracaq. Məlum olduğu kimi, regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və getdikcə daha da artması sözügedən məsələlərin ölkəmizdə konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirib. Bunun bir qədər də geniş izahına gəlincə, əgər bu günə qədər Ali Baş Komanbdan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olunacaq. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Konstitusiya təklif olunan dəyişikliklərlə əlaqədar isə Silahlı Qüvvələr məvhumu daha da genişlənir. Onların hamısı Ali Baş Komandanın əmri əsasında fəaliyyət göstərəcək ki, bu da bizim həm təhlükəsizlik sistemimizin möhkəmlənməsinə, həm

də ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində, işğal edilmiş ərazilərimizin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcək". Millət vəkili deyib ki, referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulub və burada söhbət vitse-prezidentlik institutunun yaradılmasından, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsindən gedir: "Bir sıra inkişaf etmiş xarici ölkələrdə bu kimi nümunələrə rast gəlinir. Belə ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108 və 110-cu maddələr) ilk növbədə dövlət strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarətmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət postuna təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir. Əminəm ki, vitse-prezidentlik institutunun təsisi, prezidentlik institutunun gücləndirilməsi daha yüksək effektiv fəaliyyətə gətirib çıxaracaq ki, bu da həm milli təhlükəsizliyimizin əsasını yaradacaq, həm də inkişafımızı daha da sürətləndirəcək. Bir sözlə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək. Əminəm ki, xalq bu islahatlara səs verəcək. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başlayacaq".