Pakistan parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri

Xəbər  verildiyi kimi, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq iyulun 6-da Azərbaycana rəsmi səfərə gəlib.


Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

     Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.

     Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirdi.







Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulması xüsusi vurğulanıb.







Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Bakıda  Fəxri  Xyabanı  və  Zəfər parkını ziyarət edib, 7 saylı Asan Xidmət Mərkəzində  olub.


         Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.