Prezident İlham Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşır - Kamaləddin Qafarov

YAP Binəqədi rayon təşkilatında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənc seçiclərlər görüş keçirildi

01 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənc seçicilərlə görüş keçirildi.
Xeberpress.az xəbər verir ki, görüşdən öncə iştirakçılar rayon təşkilatı tərəfindən hazırlanmış və cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası zamanı təqdim edilən videoçarxlara baxdılar. Qeyd edək ki, videoçarxlarda dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, eləcə də Binəqədi rayonunda həyata keçirilən uğurlu islahatlardan bəhs edilib.
Daha sonra görüş rəsmi hissə ilə davam etdirildi. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov bu ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin uğurlu təbliğat-təşviqat kampaniyasından bəhs etdi. Kampaniya çərçivəsində keçirilən görüşlərdən və seçicilərin fəallığından danışdı. Rayon təşkilatının gənclərlə görüşə önəm verdiyini, gənclərin ölkəmizin inkişafı və çiçəklənməsi yolunda uğurlu fəaliyyətini xüsusi vurğuladı. Qeyd etdi ki, son 14 il ərzində cənab İlham Əliyevin məqsədyönlü siyasi fəaliyyətinin prioritetlərindən biri kimi dövlət gənclər siyasəti uğurla həyata keçirilib və bu siyasət gənclərimizin inkişafına, cəmiyyətdə layiqli yer tutmasına münbit şərait yaradıb. Ramiz Göyüşov çıxşının sonunda bütün gənc seçiciləri seçkilərdə fəal iştirak etməyə və cənab İlham Əliyevin uğurlu siyasətinə səs verməyə çağırdı.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında Azərbaycanda gənclərin hərtərəfli inkişafı – siyasi, ictimai, mədəni, idman, elm, beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil olunmaları, onların bilikli, təhsilli, bacarıqlı gənclər olaraq yetişmələri, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən islahatlar haqqında məlumat verdi. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşdığını bildirərək gənclərimizi onlara olan bu inamı, etimadı doğrultmağa, Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə dəvət etdi.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizin düşdüyü ağır, gərgin vəziyyətdən və bunların ağır fəsadları haqqında məlumat verdi. O zaman Azərbaycanda ictimai-siyasi sabitliyin olmamasından, insanların ən ağır, təhlükəli şəraitdə yaşamasından, günlərlə çörək növbələrinə dayanmasından ətraflı danışdı. Dövlətçiliyimizin təhlükə altına düşməsi, vətəndaşlarımızın hər gün ölüm təhlükəsi ilə yaşamasını aparılan uğursuz, məntiqsiz siyasi fəaliyyətin nəticəsi olduğunu vurğuladı. Lakin ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 14 ərzində sabitliyimizin bərqərar olunduğunu və müxtəlif sahələrdə dinamik inkişafa nail olduğumuzu bildirdi. Xüsusilə cənab İlham Əliyevin rəhbərliyi altında gənclərə yaradılan şəraitindən bəhs etdi. Bütün gənclərimizi dövlət başçısının ətrafında sıx birləşməyə, daha güclü, müstəqil Azərbaycan naminə cənab İlham Əliyevə səs verməyə çağırdı.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə çıxışında gənclər siyasəti çərçivəsində görülən işlərdən danışdı. Ölkəmizdə imzalanan dövlət gənclər proqramları haqqında, eləcə də Gənclər və İdman Nazirliyinin yaradılmasını, Gənclər Fondunun, Gənclər Evlərinin, Bakıda və regionlarda Olimpiya Komplekslərinin inşasını görülən işlərin tərkib hissəsi və uğurlu nəticəsi adlandırdı. Bu siyasətin bu gün də davam etdirildiyini, gənclərin daha da yetkin, hərtərəfli formalaşması, beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərinin ən yüksək səviyyədə tanıdılması üçün dövlət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyünü bildirdi. Mirhəsən Seyidov həmçinin Binəqədi rayonunda gənclər üçün yaradılan şəraitdən də danışdı. Dövlət başçısı cənab İlham Əliyevi gənclərin dostu adlandıraraq həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz gənclər siyasətinin dayandığını, gənclərimizə böyük inam və etimad göstərildiyini söylədi. Bu baxımdan gəncləri onlar üçün yaradılan şəraitdən səmərəli və məhsuldar istifadə edərək İlham Əliyevə səs verməyə çağırdı.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxışında bütün gəncləri müstəqilliyimizin əbədiliyi, dönməzliyi, ölkəmizin inkişafı, çiçəklənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə “İlhamla İrəli” deyərək seçkilərdə fəal olmağa və dövlət başçısını dəstəkləməyə səslədi.
Görüşün sonunda çıxış edən gənc seçicilərdən – Zəhra Əliyeva, Zaur Quliyev və başqaları ölkəmizdə gənclər üçün yaradılan şəraitdən razı olduqlarını, gənclərin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirdilər. Bu sabitliyi, əmin-amanlığı yaradan dövlət başçısı cənab İlham Əliyevə daim dəstək olacaqlarını və sabitliyə, inkişafa səs verəcəklərini söylədilər.