Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır.

Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır.

Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə toplaşır, qurultay keçirdilər. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq.

Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilmədilər. Eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.

Ermənistan döyüş meydanında məğlub oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır. Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın şəkildə dərk etməlidir.