20 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olunub, gül dəstələri qoyulub. Daha sonra gənc memar-rəssam İsmayıl Hacıyevin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün qonaqları salamlayaraq ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb. Qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məruzə ilə çıxış edərək qeyd edib ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilmişdir. Bu Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.
Millət vəkili Kamaləddin Qafarov isə çıxışında vurğulayıb ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması xalqımızın həyatında yeni və xoş başlanğıcların müjdəsidir. Azərbaycan Respublikası özünün milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Xalqımızın milli iradəsi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, vətəndaşlarımızın bu inkişaf siyasətinə dəstəyi sayəsində Azərbaycan daha böyük hədəflərə çatacaq, tərəqqinin yeni mərhələlərinə yüksələcəkdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb.
Tədbir diskussiya formatında keçirilməklə iştirakçıların maraqlandıran suallar cavablandırılıb.