Tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, 2020-ci ilin 27 sentyabrı xalqımızın yaddaşında böyük Qələbəyə - Zəfərə aparan yolun başlanğıc tarixi kimi qalacaq. Tarixi Zəfərimiz xalqımızın unudulmaz qəhrəmanlıq salnaməsidir. Həkimlərimiz Vətən müharibəsində - hər bir şəraitdə təmkini, dözümü ilə hər xəstəni doğması bildi, sağalmasına ümid verdi. Həkimlərimiz xüsusi qəhrəmanlıq nümayiş etdirərək yaralılarımıza güllə atəşi altında yardım edərək təxliyəsini təşkil edirdilər. Həkim peşəsi ən nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı bilən həkimlərimizi Vətən müharibəsində yaralanan, müalicə olunan hərbi qulluqçularımız həmişə xoş ovqatla, ehtiramla xatırlayacaqlar.
Tədbirdə çıxış edən Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə Vətən müharibəsində döyüşənlərin sağlamlığını qorumaq da böyük qəhrəmanlıq idi və fədakar həkimlərimiz erməni mərmiləriylə, güllələriylə döyüşürdü. Həkimlərimiz bu döyüşün cəsarətli döyüşçüləriydi. Müharibədə yaralı hərbçilərimizin harayına ilk olaraq həkimlərimiz özünü yetirirdi. Döyüşçülərimizin yarasına ilk olaraq onlar məlhəm qoyurdular. Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edilirdi. Müharibədə döyüşənlərlə eyni səngərdə olmaq, ehtiyacı olan döyüşçünün imdadına çatmaq da döyüşməkdi. Həkimlərimiz də döyüşdü, bu Zəfər həm də qəhrəman həkimlərimizin Zəfəridir.
Tədbirdə çıxış edən Millət vəkili Kamaləddin Qafarov vurğuladı ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq başlatdığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm Qələbə qazandı. 8 noyabr tarixə Zəfər Günü kimi yazıldı. Münaqişəyə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini, gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Vətən müharibəsi xalqın müharibəsi idi. Əli silah tutanların hamısı döyüşə getmək istəyirdi. Bu, yüksək döyüş əzminə, qələbə ruhuna malik olan ordunun mənəvi gücünü də yüksəldirdi. Vətən müharibəsi dünya ictimaiyyətinə həm Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu, həm də hərbçilərimizin peşəkarlığını, qəhrəmanlığını, məharətini göstərdi. Həkimlərimizin tarixi zəfərimizdəki rolu və əməyi danılmazdır. Millər vəkili bütün xalqımızı, fədakar həkimləri qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi.
Tədbirdə, eyniz amanda Milli Qəhrəman Samid İmanovun bacısı, 21 saylı uşaq poliklinikasının baş həkimi Gülbəniz Sadiqova, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin müdiri Feyruz Verdiyev, Həkim, mühribə iştirakçısı Rəşad Məmmədov çıxış edərək fikirlərini bölüşdülər.
Tədbirin sonunda Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq və şücaət göstərmiş bir qrup səhiyyə işçisi təltif edildi.