Binəqədi rayonunda “Tarixi Qələbə və Zəfərlər Partiyası” adlı tədbir keçirilib -Fotolar

2023-cü il noyabrın 20-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə “Tarixi Qələbə və Zəfərlər Partiyası” adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri millət vəkili Sadiq Qurbanov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü millət vəkili Kamaləddin Qafarov, Milli Aerokosmik Agentliyin baş direktoru Natiq Cavadov, qonaqlar, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasında yerləşən abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri qoyulmuşdur.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tədbir iştirakçılarını salamlamış, partiyanın yaradılmasının növbəti ildönümü münasibətilə hər kəsi təbrik edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası gücünün mənbəyini Ulu Öndər Heydər Əliyevdən, Prezident İlham Əliyevdən və öz tarixi, dünyaya qazandırdığı saysız-hesabsız dəyərləri, verdiyi töhfələri ilə öz aliliyini qoruyub saxlayan müdrik Azərbaycan xalqından alır. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 31 illik uğurlu siyasi fəaliyyətin qələbəsi qalib dövlətin qalib vətəndaşları tərəfindən təntənə ilə qeyd edilir. Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 31 illik inkişaf tarixi göstərdi ki, bu partiyanın təməl daşını qoyanlar dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirir.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik etdi.Yeni Azərbaycan Partiyasının 31 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının təsis konfransını xatırlayaraq, həmin konfransda iştirak etməsinin həyatında ən unudulmaz xatirələrdən biri olduğunu söylədi.

V.İsmayılov göstərdi ki,bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərir.

Tədbirin rəsmi hissəsi bitdikdən Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.