Kamaləddin Qafarov: “Azərbaycan gücünü bütün dünyaya nümayiş etdirdi”

“2003-cü il oktyabrın15-də Azərbaycan xalqının etimad göstərərək Ölkə Prezidenti seçdiyi cənab İlham Əliyev həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqına söz vermişdi ki, gün gələcək Azərbaycanın bayrağı işğal altında olan torpaqların hər bir guşəsində dalğalanacaq. Möhtərəm dövlət başçımız ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcəyinə söz vermişdi və bu vədinə də əməl etdi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən kapitulyasiya aktını imzalamalı oldu. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam və qəti Qələbəsi ilə nəticələndi”.


Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


O, bildirib ki, bu il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. “Bu hərbi parad Azərbaycan Prezidentinin 2020-ci ilin noyabr ayının 10-da hərbi əməliyyatların dayandırılması barədə verdiyi qərarın da son dərəcə düzgün bir addım olduğunu təsdiq edir. Həmin vaxt Silahlı Qüvvələrimizin hissələri Xankəndinin bir addımlığında olsalar da, müharibənin davam etdirilməsi Azərbaycanın minlərlə şəhid verməsinə səbəb olacaqdı. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu şərt Ermənistanın imzaladığı kapitulyasiya aktında birbaşa cənab Prezident İlham Əliyevin tələbi ilə təsbit olunmuşdu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çox yaxşı bilirdi ki, gün gələcək Xankəndidə, Xocalıda, Ağdərədə və bütün digər ərazilərdə də Azərbaycan Bayrağı qaldırılacaqdır. Tarix dövlət başçımızın nə qədər haqlı olduğunu bir daha göstərdi.”

K.Qafarov Xankəndi şəhərində keçirilən hərbi paradda çıxış edən Prezident İlham Əliyevin ordu quruculuğu prosesinin sürətləndirilməsilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib:

“Cənab Ali Baş Komandan öz çıxışında Azərbaycanın öz hərbi qüdrətini durmadan artırdığını diqqətə çatdırdı və bunu nə üçün etdiyinə dair detallı açıqlamalar verdi. Ölkəmizə ordu quruculuğu prosesinin sürətləndirilməsini zəruri edən başlıca məqam Ermənistanda revanşist qüvvələrin baş qaldırmaları ilə bağlıdır. Azərbaycan dövləti Ermənistanın arxasında dayanan qüvvələrin onları ölkəmizə qarşı yenidən hərəkətə təhrik edəcəyini bilirdi. Buna görə də tarixi Qələbəmizdən dərhal sonra Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirildi. Uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədi nəzarətə götürüldü. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət tam Azərbaycanın nəzarətindədir. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar Ermənistana göndərilmiş bir mesaj idi ki, Qarabağ Azərbaycan torpağıdır və onlar dərhal silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarmalıdırlar. Əgər o vaxt ermənilər cənab Prezident İlham Əliyevin xəbərdarlıqlarını diqqətə alsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac olmazdı. Lakin rəsmi İrəvan yenə də öz xalqının deyil, xarici havadarlarının maraqlarına uyğun addımlar atdı və bunun da acı nəticəsini tez bir zamanda görmüş oldu”.

K.Qafarov 2023-cü il sentyabrın 20-də keçirilmiş antiterror əməliyyatının əhəmiyyətindən bəhs edərək deyib:

“Ermənistan 44 gün ərzində Azərbaycan ordusunun qəhrəmanlığını və peşəkarlığını müşahidə etsə də, bundan lazım olan nəticələri çıxarmadı.Buna görə də Azərbaycan bu ilin sentyabr ayında növbəti dəfə öz gücünü göstərməli oldu. Sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatı cəmi bir gün davam etdi. Azərbaycan Ordusu bu dəfə də peşəkarlıq və fədakarlıq göstərərək qısa müddət ərzində düşməni təslim olmağa məcbur etdi. Separatçıların 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə xitam verildi. Beləliklə, Azərbaycan tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin dediyi kimi, 8 noyabr kimi, 20 sentyabr 2023-cü il də bizim tariximizdə daim qalacaqdır”.