“Bu il Azərbaycan xalqı Novruzu “Heydər Əliyev İlin”də, Ulu öndərin anadan olmasının 100-cü ildönümü ərəfəsində qarşılayacaq. Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı. Ümummilli lider 1998-ci ildə çıxışlarının birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycan xalqı bundan sonra əsrlər boyunca həmin yerlərdə Novruz bayramını qeyd edəcək.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Novruzun fəlsəfi əsaslarından bəhs edərək bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı olan Ölkə Prezidenti İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Novruz müasir həyatımıza sirayət edərək siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünün göstəricisidir.”
K.Qafarov daha sonra deyib: “2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Fürsətdən istifadə edib mən də bütün soydaşlarımızın Novruz bayramını səmim-qəlbdən təbrik edirəm”