“Bu gün Azərbaycanda davamlı olaraq kompleks şəkildə həyata keçirilən sosial islahatların miqyası ildən-ilə artır. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir.
Bu Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir və nəzərdə tutulan bu artımlar üçün də illik əlavə 200 milyon manat məbləğində vəsait ayrılıb. Növbəti, 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub və bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.”
Bu sözləri verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir: “Bu gün ölkəmizdə əlilliyi olan şəxslərə xüsusi dövlət qayğısının göstərildiyi, onların problemlərinin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində saxlandığı danılmaz həqiqətdir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar qeyd olunan istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur. Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən əhəmiyyətli dərəcədə artacaq. Qeyd etmək lazımdır ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb. Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60% artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanların müavinət və təqaüd formasında hər ay alacaqları məbləğlər də 2019-cu illə müqayisədə dərəcələr üzrə 2,2 – 2,5 dəfə çoxdur.”
Kamaləddin Qafarov qeyd edib ki, yeni Fərman və Sərəncamlarla nəzərdə tutulan müavinət və təqaüd artımları uşaq və gənclərin sosial durumlarının daha da yaxşılaşmasına da xidmət edəcək: “Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir. Xüsusilə bu təbəqələr arasında sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edən şəxsləri, müddətli hərbi xidmətdə olanların uşaqlarını, uşaqların qəyyumlarını, beşdən çox uşağı olanları, bir yaşadək uşağı olan aztəminatlı ailələri, övladlığa uşaq götürənləri qeyd etmək lazımdır. Misal üçün, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət və təqaüd formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir. Bu bir daha göstərir ki, ölkəmizdə uşaq və gənclər məsələsi dövlətin xüsusi diqqətində saxlanılır. Yeni Fərman və Sərəncamları gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərar kimi səciyyələndirmək lazımdır. Belə ki, dövlət başçısının imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcək. Ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək. Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata, “4” və “5” olan tələbələr üçün 72 manata, “3”-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.
Bir vacib məqama da diqqət yetirmək lazımdır ki, dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar ölkəmizdə artıq çoxdan davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda da əməyin leqallaşdırılmasını stimullaşdırır. Bütün bunlar bir daha deməyə əsas verir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycan sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni, keyfiyyətcə daha yüksək mərhələdədir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımlar gələcəkdə də davamlı olaraq atılacaqdır.”