“XX əsrin 70-ci illərindən Azərbaycan xalqının mədəni həyatı yeni bir dövrə, sözün əsl mənasında, çiçəklənmə dövrünə qədəm qoymuşdur. Bu intibah dövrü birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Milli mədəniyyətimizi xalqın ən böyük sərvəti hesab edən Ümummilli Lider mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Hələ sovet dönəmindən Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın ən görkəmli yazıçıları, mədəniyyət və incəsənət xadimləri sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Ulu Öndər bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Dahi liderin hər çıxışı mədəniyyətimizin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, bu sahənin mütəxəssisi, bilicisi kimi çıxış edər, peşəkar səviyyədə rəy bildirərdi. Ulu Öndər Heydər Əliyev incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Lakin zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki Azərbaycan xalqının belə bir dahi siyasət xadiminə çox böyük ehtiyacı var idi.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib: “Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də,1993-cü ildə ölkəmiz kəskin problemlər və hətta bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Həmin vaxtdan Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında tamamilə yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmağa başladı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. 1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar Milli Məclisdə qəbul edilmiş və Ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir.”
K.Qafarov sözünə davam edərək deyib: “2003-cü ildən sonra Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davamlı olaraq uğurla həyata keçirilir. Milli mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə bu sahənin inkişafına yeni stimul yaratmışdır. Dövlət başçımızın Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də sözsüz ki, işğaldan azad edilmiş qədim şəhərimiz olan Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. Ulu Öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” - vəsiyyətini özünün həyat amalına çevirmiş Ölkə Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz müdrik lideri, Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalına son qoydu, ölkənin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsindən dərhal sonra cənab Prezident İlham Əliyev bəyan etdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək, özünün əvvəlki şöhrətini qaytaracaq və Şuşada işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” Beynəlxalq musiqi festivalı bərpa ediləcək. Bu, belə də oldu. 30 illik fasilədən sonra, 2021-ci ilin 12-13 may tarixlərində Şuşada keçirilmiş V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Azərbaycanın qələbələrinin mədəniyyət sahəsində davamı kimi bütün dünyaya təqdim olundu.”