Kamaləddin Qafarov: Binəqədi Seçicilərini Prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıram

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 14 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs etdi. Ramiz Göyüşov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşan irimiqyaslı layihələr haqqında məlumat verərək bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində dövlətimizin inkişafı, təhlükəsizliyinin təmin olunması naminə cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səslədi.

Milli Məclisin deputatı Kamaləddin Qafarov nitqində bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin ilk dəfə prezidentlik fəaliyyətinə başlayarkən “Mən hər bir azərbaycanlının prezideni olacağam” fikirləri, bu gün artıq əməli fəaliyyəti ilə öz təsdiqini tapıb. Kamaləddin Qafarov çıxışında bir sıra statistik rəqəmlərə diqqət yetirərək Binəqədi rayonunda son 14 ildə qazanılan uğurlardan bəhs etdi. Millət vəkili çıxışının sonunda bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdı.

Milli Məclisin deputatı Madər Musayev çıxışında ölkə vətəndaşlarının daim dövlətin qayğısı ilə əhatə olunmasını iqtidar-xalq birliyinin nümunəsi olduğunu qeyd etdi.

Görüşün sonunda çıxış edən bir qrup seçici  - Aslan İsayev, İmaş Eyvazov və digərləri Prezident seçkilərində fəal iştirak edəcəklərini və dövlət başçısı, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə dəstək göstərəcəklərini söylədilər.