10 dekabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatını birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, Siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyev,Milli Məclisinin deputatları Madər Musayev, Kamaləddin Qafarov, Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova,rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etdilər. İlkin olaraq qonaqlar Ulu öndər Heydər Əliyevin heykəli önünə gül qoydular. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edildi.
Çıxış edən Azay QuliyevHeydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafeələr çevrəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynadığını bildirdi.
Çıxış üçün söz verilən Kamaləddin Qafarov Heydər Əliyev siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixinin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu qeyd etdi.
Daha sonra çıxış üçün Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru,professor,Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovaya söz verildi. İradə Hüseynova Ümummilli lider Heydər Əliyevin bizlərə Azərbaycanın nurlu sabahı uğrunda, lazım gələrsə, öz həyatımızı qurban vermək, milli yüksəliş naminə fərdi maraqların fövqündə dayanmağı bacarmaq, Vətənə təmənnasız xidmət kimi ən şərəfli ideallarını aşıladığını dedi.
Çıxış üçün söz verilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Böyük Öndərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdiyini bildirdi. Natiq Azərbaycanın bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımladığını, bu yolun Heydər Əliyev yolu olduğunu qeyd etdi.
Anım günü tədbirinin rəsmi hissəsi bitdikdən sonra, tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissə zamanı Ümummili liderin sevdiyi musiqiləri özündə əks etdirən ifalar ilə bərabər qonaqlara Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim edildi.
Sonda Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayevin ifasında “Dahi” mahnısı səsləndi.