Kamaləddin Qafarov: Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi sosial sahədə həqiqətən inqilabi bir addımdır

“İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı davamlı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır.

“Gələn il  Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bildiyiniz kimi, bu prosesə bir neçə il əvvəl başlanmış, Yevlax, Mingəçevir şəhərlərində və Ağdaş rayonunda pilot layihələr səviyyəsində icbari tibbi sığorta tədbirləri həyata keçirilmişdir. Səhiyyə sistemlərində maliyyələşmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə icbari tibbi sığortanın 4 istiqaməti mövcuddur. Azərbaycanın icbari tibbi sığorta sisteminin  tətbiqi zamanı   2 xidmət paketinin təklif edilməsi nəzərdə tutlur. Birinci paket  üçün tələb olunan 29 manatlıq vəsait dövlət hesabına qarşılanacaq . Əlavə xidmətlər paketinin isə 2% əmək haqqı və 2% işəgötürən hesabına maliyyələşəcəyi planlaşdırılır. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi sosial sahədə həqiqətən inqilabi bir addımdır. Qarşıda duran nəhəng vəzifələrin reallaşdırılması üçün gələn ilin Dövlət büdcəsində səhiyyə sahəsinə  rekord miqdarda - təxminən 1,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur”-deyə, deputat qeyd edib.