Kamaləddin Qafarov: YAP Binəqədi rayon təşkilatı partiyanın ən fəal rayon təşkilatlarından biridir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda rayon təşkilatının şura üzvləri və partiya fəalları iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra rayon təşkilatının ötən ildəki fəaliyyətini özündə əks etdirən geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı fəaliyyətini, əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Azərbaycan Respublikasının qanunvericiliyinə, partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə əsasən, uğurla icra edib. Hesabat dövründə partiya sıralarına üzv olmaq üçün müraciət edən insanların sayında da artım müşahidə olunub. Belə ki, hesabat ilində rayon təşkilatının üzvlərinin sayı 220 nəfər artaraq, 15708 nəfərə çatıb. Bunlardan 8436 nəfəri qadın, 4412 nəfəri isə gənclərdən ibarətdir. R.Göyüşov, həmçinin, ötən ilin 11 aprel tarixində keçirilən prezident seçkilərindən danışaraq, dövlət başçısı İlham Əliyevin parlaq qələbəsini şərtləndirən səbəblərdən söz açıb, partiya üzvlərinin bu siyasi prosesdəki fəal iştirakından danışıb.
Yığıncaqda çıxış edən rayon təşkilatının gənclər birliyinin sədri Fəsli Nəbiyev birliyin ötən ildəki fəaliyyəti haqqında hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. YAP Binəqədi rayon təşkilatı gənclər birliyi də gənclərin intellektual səviyyəsinin artırılması, elmə, təhsilə yiyələnmələri, peşəkar kadrlar olaraq yetişmələri, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunmaları, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirib. 
Rayon təşkilatının qadınlar şurasının sədri Aytac Əliyeva hesabat məruzəsində şura tərəfindən ötən ildə görülən işlər barədə danışıb. Vurğulayıb ki, şura Azərbaycanda həyata keçirilən uğurlu qadın siyasətini əldə rəhbər tutaraq, qadınlarla işin daha yüksək səviyyədə qurulmasını və onların cəmiyyətdə fəal iştirakının təmin edilməsini qarşısında duran əsas məqsədlərdən biri hesab edir. 
Hesabat yığıncağında çıxış edən millət vəkili Kamaləddin Qafarov hesabat məruzələrində qeyd olunanları nəzərə alaraq, rayon təşkilatının 2018-ci ildə uğurla və səmərəli fəaliyyət göstərdiyini bildirib. YAP Binəqədi rayon təşkilatının partiyanın ən fəal rayon təşkilatlarından biri olaraq, daim əzmlə çalışdığını, partiya üzvləri ilə əlaqələrin qurulması, onların təşkilata cəlb edilməsi, müxtəlif tipli layihələrin uğurlu icrası, xüsusilə, Ulu Öndər Heydər Əliyev irsinin geniş təbliğ ediməsi yönündə mühüm fəaliyyətindən danışıb. 
Yığıncaqda gündəlikdə duran məsələlər səsə qoyularaq, müvafiq qərarlar qəbul edilib. YAP Binəqədi rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2019-ci il üçün müvafiq Fəaliyyət Planı təsdiq edilib.
Sonda partiya sıralarında fəal iştirakına görə, fərqlənən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib. Partiya sıralarına qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib.