Kamaləddin Qafarov: “Milli Qurtuluş Günü Azərbaycan tarixinin qürur səhifəsidir”

“1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Buna görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni cəmi iki il ərzində siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə cırtdan marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi bizi gözləyən ən yaxın perspektivlər idi. Belə bir ağır məqamda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar edə bilərdi və bunu etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu.”

Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Ümummilli Lider Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən əsas strateji amil oldu. Məhz həmin tarixdən - Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycanın həqiqi inkişafı başladı. Bu işlərə paralel olaraq, respublikamızda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”

K.Qafarov deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz uğurlarını “Heydər Əliyev İli”ndə davam etdirir. Xalqımız 1993-cü ilin 15 iyun tarixində inamla qədəm qoyduğu qurtuluş və nicat yolu ilə bu gün tarixi Zəfərlərə, möhtəşəm Qələbələrə doğru inamla irəliləyir”.