Millət vəkili Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət etmişdir

       Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Kamaləddin Qafarov        8 noyabr  Zəfər Günü ərəfəsində - noyabrın 7-də Binəqədi rayonundan olan şəhid ailələrini ziyarət etmişdir. Millət vəkili  onların sosial müdafiəsi ilə bağlı məsələlər, problem və qayğıları ilə maraqlanmışdır.

         Görüşlər zamanı K.Qafarov bildirmişdir ki, şəhidlər, qazilər, Müzəffər ordumuzun cəsur əsgərləri Vətənimizin azadlığı uğrunda döyüşlərdə, torpaqlarımızın yağı düşməndən təmizlənməsində misilisiz rol oynamışlar və dövlətimiz, qədirbilən xalqımız onların ölməz şücaətlərini əbədi olaraq minnətdarlıqla xatırlayacaqlar.  Millət vəkili xüsusi olaraq vurğulamışdır ki, şəhidlərimiz  bu xalqın qürur mənbəyi,  baş tacıdır . Onların xatirəsinin əbəbdiləşdirilməsi, ailələrinin sosial müdafiəsinin günü-gündən gücləndirilməsi  dövlətimizin, cəmiyyətimizin daim diqqət mərkəzindədir.

    Deputat qeyd etmişdir ki, bu il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında  Sərəncam imzalamışdır. Təltif edilənlər arasında rayonumuzun fəxri olan şəhidlərimiz- “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Samir Paşayev, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Rəşad Ağayev və Rövşən Hüseynov da vardır.

      Cəmil Nəcəfovun, Anar Məmmədovun,Teymur Zeynalovun,  eləcə də yüksək dövlət mükafatına layiq görülmüş şəhidlərin ailələri ilə görüşləri  yaddaqalan  və qürurverici vətənpərvərlik nümunələri kimi yüksək dəyərləndirən Kamaləddin Qafarov xalqımızın milli təəssübkeşliyindən, iqtidar-xalq birliyi nümunəsindən təsirləndiyini xüsusi qeyd etmişdir.

      Millət vəkili görüşlər zamanı şəhid ailələrinin yaşayış şəraiti, problemləri ilə tanış olmuş, onların qaldırdıqları məsələləri nəzarətə götürmüşdür . Şəhid ailələrinin nümayəndələri  göstərilən diqqət və qayğı üçün üçün dövlətimizə, müvafiq hökumət qurumlarına razılıqlarını bildirmişlər.