Tam qələbəyə aparan tarixi hadisə

“ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 2020-ci il sentyabrın 27-də Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Azərbaycanın maraqlarına cavab verən Üçtərəfli Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu sənəd böyük tarixi əhəmiyyət kəsb edir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı özü üçün kapitulyasiya aktı olan bir sənədi imzalamağa məcbur etdi. “Bütün dünya Azərbaycan xalqının qələbəsini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin, bütün dini konfessiyaların nümayəndələri düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.”

Deputat vurğulayıb ki, 10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin sonrakı bir çox mühüm siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyulmuşdur. K.Qafarov bu uğurların sırasında Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasının əhəmiyyətini qeyd edib: “Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri geri qaytardı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün bunlarla yanaşı, Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxış qrafikini təqdim etməyə məcbur oldu. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları, digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.”

Fikirlərini davam etdirən deputat cari ildə əvvəlcə “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını və daha sonra isə sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasını da məhz Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş hadisə kimi qiymətləndirərək deyib: “Vətən müharibəsinin bitməsindən keçən üç il ərzində Ermənistan hələ də 10 noyabr Bəyanatının şərtlərinə əməl etməkdən yayınır, Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışırdı. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm tarixi əhəmiyyət kəsb edən hadisə oldu. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu. Lakin Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hələ də mövcud olması regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Bu səbəbdən də Azərbaycan bu il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı keçirmək məcburiyyətində qaldı. Cəmi 23 saat davam edən bu əməliyyat Azərbaycanın gücünü bir daha göstərdi və düşmən yenə də ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi”.